top of page

AYFF Müsahibələri: Orxan Adıgözəlovla Söhbət

Növbəti keçiriləcək film festivalımıza qədər biz Azərbaycanın bir neçə gənc vəistedadlı kinorejissorlarını sizə təqdim edəcəyik. Bu dəfə biz Bakıda yaşayan 20 yaşlı film rejissoru Orxan Adıgözəlovla söhbət etdik. O, bu il Azərbaycan Gənclərinin Film Festivalında öz Seçim - (Choice) filminə görə 1-ci yerə layiq görülüb. Bugün biz onunla çəkdiyi ilk film haqqında və filmin çəkiliş prosesi zamanı nələri öyrəndiyi haqda söhbət etdik.

 

İlk filminiz hansı olub, və sizi bu filmi çəkməyə nə ilhamlandırıb?

- İlk filmim elə festivalda iştirak edən "Seçim" idi

Ən xoşladığınız film hansıdır?

- "Ən xoşladığınız" ifadəsini düzgün qəbul etmirəm. Yüzlərlə film, kitab və s. içindən ən sevdiyimi necə seçə bilərəm? Eyni dərəcədə bəyəndiyim onlarla film var. Bir-bir onların adını çəkməkdənsə, bəzi rejissorları qeyd edim. Hansılar ki, nə çəksələr izləmişəm, yaxud da izləyərəm. Sorğu sualsız! Məsəl üçün: Stanley Kubrick, Charlie Chaplin, David Lynch, Lars Von Trier, Asghar Farhadi, Nuri Bilge Ceylan, Zeki Demirkubuz və s.

Özünüzü necə motivasiya edirsiz? Öz film ideyalarınızı necə yaradır və həyata keçirirsiz?

- Məni motivasiya edən ən böyük şey rəqabət hissidir. Bəlkə hətta paxıllıq da demək olar. Azərbaycanlı yaşıdlarımı yaxından izləyirəm. Yaxşı çəkənlərə də paxıllıq edirəm. Afərin onlara! (red: gülür).

Film ideyalarım adətən yaxşı filmlərə baxanda yaranır. Düzdü, yaranan ideyanın həmin filmlərlə bənzərliyi və ya ümumiyyətlə əlaqəsi olmur, amma yenə də sıfır nöqtəsi onlar sayılır. Hərçənd, çox istərdim ağız dolusu danışım ki, bəs həyatımız elə film kimidir, filmlərimdə gördüyünüz, görəcəyiniz obrazların hamısı həyatın içindəndir, filan... Amma heyif, hələ o qədər böyüməmişəm (red: gülür).

Nə vaxtsa film çəkmək prosesində uğursuzluq yaşamısınızmı və bunu necə dəf edə bilmisiz?

- Bəli, yaşamışam. Təxminən elə 1 il bundan qabaq, ilk filmimi çəkmək istəyirdim. Amma bacarmadım. Gah texniki problemlər yaşadıq, gah azyaşlı aktyorlarla problemlərimiz oldu. Beləcə 1 aya 1-2 səhnəni güclə çəkirdik. Onsuz da ilk təcrübə olduğunu nəzərə alsaq, özümüz də hazırlıqsız sayılardıq. Çəkiliş müddəti uzandıqca öz ssenarim özümə çirkin görünməyə başladı. Dedim, daha bir problem yaşasam, imtina edəcəm çəkilişlərdən. Elə də oldu. Böyük travma almışdım. Daha film çəkməyəcəkdim. Bunu dəf etməyimə səbəb isə yenə paxıllıq, rəqabət hissi filan oldu. Mən qorxub evdə oturanda yaşıdlarım ayda 1 film çəkirdi. Ən sonda, səhv eləmirəmsə, iyul ayında bir dostum sizin festivalın linkini göndərdi. Bir az da motivasiya verib hətta məcbur elədi ki, film çəkib sizin festivala qatılım.


Seçim

Hansı janrda film çəkməyi sevirsiz, nəyə görə məhz o janr?

- İstəyirəm, özümü bütün janrlarda sınayım.

Sizcə yaxşı filmi yaxşı edən nədir?

- Filmə kompleks yanaşmaq lazımdır məncə. Rejissor işi, operator işi, aktyorlar, işıq, səs, rənglər, düzgün məkan seçimi, əlinizdə olan hekayə və o hekayəni necə ssenariləşdirməniz və s. bunlar hamısı eyni dərəcədə vacibdir. Hamısına imkan daxilində maksimum diqqət ayırmaq lazımdır. Düzdür, ölkəmizdə tamaşaçı kütləsinin böyük hissəsi bunların yalnız çox az qisminə fikir verir. Amma professional gözlər hər şeyi yaxşı görür. Əsas da onlardır!

Filmlərinizdə olan komanda (aktyorlar, rejissorlar və s.) necə işləyir? Onlar bir-birinə necə təsir edirlər?

- Filmlərim demək üçün tezdir hələ məncə. Bir film çəkmişəm, ikincini isə hələ montaj edirəm və bir kiçik səhnəmiz də qalıb.

Komanda deməzdim. Büdcə və s. problemləri nəzərə alsaq, komanda yaratmaq üçün də hələ tezdir. Dostlarımdan ibarət qrupla işləyirik həmişə. Operatorluğu və montajı özüm edirəm. Səs və işıqda isə dostum kömək edir. Aktyor kimi də dost-tanışlardan kömək istəyirik. Yəni, komanda sırf dost-tanışdan ibarət olduğu üçün setlərimiz çox səmimi olur (red: gülür).


Filmlər bizə dünya haqqında nə öyrədir və dünyanı necə dəyişə bilərlər?


- Dünyanı kitablar və filmlər yox, oxuyucu və tamaşaçılar dəyişə bilər. Filmlər bizə dünya haqqında nəsə öyrətmir, dünya haqqında hərənin öz baxış açısını göstərməyə imkan verir.

Azərbaycanda film inkişafı necə gedir?

- Filmin inkişafı üçün öncə tamaşaçı inkişaf etməlidir ki, müəlliflər də boş şeylər çəkməkdən utansın, həqiqətən nəsə etməyə çalışsın. Biz isə hələlik vine'lara gülürük, bozbaşı sevirik.


Azərbaycanda yenicə başlayan film çəkənlərə nə kimi məsləhətiniz var?

- Özüm hələ yeni başlamışam, məsləhətlərə açığam!

Featured Posts
Archive
Search By Tags
No tags yet.
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page